Türkiyənin Afyonkarahisar şəhəri Çayırbağ bələdiyyəsinin qərarı ilə yaşayış məntəqəsindəki “Kurtuluş” prospektinin adi dəyişdirilib və ora Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib.
Modern.az xəbər verir ki, bu münasibətlə təşkil edilən rəsmi açılış tədbirində İbad Hüseynovun özü də iştirak edib.
Açılış tədbiri Azərbaycanın Dövlət Müstəqillliyinin bərpasının ildönümünə və Milli Qəhrəmanın doğum gününə təsadüf edib.
Mərasim haqda məlumat verən İ.Hüseynov bildirib ki, süvari dəstəsi və türk marşının sədaları altında edilən yürüş atəşfəşanlıqla müşayət olunub.
“Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsindən sonra tədbir müqəddəs Quranın sədaları altında açıldı. Tədbirdə Türkiyənin rəsmi şəxsləri, Azərbaycanın diasporunun nümayəndələri iştirak edirdi. Çıxış edənlər mənə göstərilən bu hörməti Ulu öndərin “Bir millət iki dövlət” prinsipi üzərində qurmuşdular. Mənim şəxsimə göstərilən bu hörməti Azərbaycan xalqına və dövlətinə göstərilən sayğı kimi qəbul edirəm. Tədbirdə iştirak edən Türkiyə Prezidentinin baş məsləhətcisi Yalçın Topçu dövlət başçısının salamlarını iştirakçılara çatdırdı. Yalçın Topçu Bakıdan gəlmiş qazi yoldaşlarıma Prezident Rəcəb Tayyib Ərdoğanın qalstuk təqdim etdi. Sonraki görüşlər də çox maraqlı keçdi”.
İ.Hüseynov deyib ki, bir gün sonra Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının dəvəti ilə onun Ankarada yerləşən qərargahında keçirdiyi görüş heç zaman xatirindən çıxmayacaq.
“Türk dünyasında hüdudsuz nüfuza malik, Türk dünyasını ayaqda saxlayan və durmadan inkişafının təməl daşı olan, türkçülük ideologiyasının, məfkurəsinin mənəvi atası sayılan Dövlət Bağçalı ilə görüşmək mənə də qismət oldu. Çox səmimi keçən görüşdə MHP lideri müstəqilliyimizin bərpasının ildönümü və məni doğum günü münasibəti ilə təbrik etdi. Başkanın yaxın çevrəsinə xitabən “Kahramanımızı sizlərə əmanət edirəm” kəlməsi səmimi görüşə vurulan son nöqtə oldu”.
Milli Qəhrəman bildirib ki, Dövlət Baxçalının təşəbbüsü ilə ona Türkiyənin ali mükafatlarından sayılan “Övünç madalyası”nın verilməsi barədə də qərar qəbul edilib.