Oktyabrın 24-də Bakı Ekspo Mərkəzində start götürən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı böyük maraqla qarşılandı. Crossmedia.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin və COP29-un dəstəyi ilə təşkil olunan festivalda 244 komanda və 900-dən çox iştirakçı texnoloji layihələrini təqdim edəcək. İştirakçılardan 146-sı 15 müxtəlif ölkəni təmsil edir.
“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov builki festivalın final mərhələsində müxtəlif texnoloji sahələrdə yarışların keçiriləcəyini vurğuladı. Yarışlar “Yaşıl təşəbbüslər”, “Hidrogen maşınlar”, “Dron texnologiyaları” və “Robotların mübarizəsi” kimi sahələri əhatə edəcək. STEAM layihəsi hazırda ölkədə 398 məktəbdə 252 711 şagirdi əhatə edir və 20-dən çox STEAM Mərkəzi fəaliyyət göstərir.
Festival ərzində COP29 mütəxəssisləri tərəfindən iqlim dəyişmələri və dayanıqlılıq mövzularında təlimlər keçiriləcək. Bu festival XXI əsr bacarıqlarını inkişaf etdirmək və iqlim dəyişikliyi ilə bağlı innovativ həlləri tapmaq üçün yeni imkanlar yaradacaq. Tədbir 25 oktyabra qədər davam edəcək və ekoloji təhsil mövzusunda mühüm təşəbbüslərə ev sahibliyi edəcək.
Maral Şahverdili
Nihat Tahirov