Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsində xarici işlər naziri Jean-Noel Barrot-un iştirakı ilə keçirilən dinləmələr zamanı 2025-ci il büdcəsi və beynəlxalq vəziyyət müzakirə olunsa da, Azərbaycan haqqında yenə də həqiqətdən uzaq bəyanatlar verilib. Fransız siyasətçilərinin Azərbaycana qarşı ənənəvi qərəzli mövqeləri ölkəmizin müstəqil və milli maraqlara uyğun siyasət aparması ilə bağlıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a geniş açıqlama verən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Tədbirin məqsədi Fransa XİN-in 2025-ci il büdcəsini və beynəlxalq vəziyyəti müzakirə etmək olsa da fransızlar bu dəfə də ənənəvi olaraq Azərbaycan haqqında cəfəng fikirlər səsləndəndirməyə fürsət tapıblar:
“Əslində bütün siyasi tribunalardan Azərbaycana qarşı istifadə etməyə çalışan fransız siyasilərin bu dəfə də ölkəmiz haqqında absurd fikirlər səsləndirməsi bizi təəccübləndirmir. Fransanın Azərbaycana qarşı düşmənçilik münasibətinin bir sıra səbəbləri olsa da, burada ən böyük amil ölkəmizin müstəqil, milli maraqlarımıza uyğun siyasət aparmasıdır. Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra Makron hakimiyyəti ölkəmizə qarşı açıq-aşkar hücumlar təşkil etməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsinə görə Ermənistandan daha çox Fransa narahat görsənir. Hal-hazırda Ermənistanın xaç atası rolunu oynayan Fransanın fəaliyyəti bütövlükdə bölgə üçün ciddi təhlükələr yaradır. Amma Fransa dəqiq bilməlidir ki, düşünürəm dəqiq bilir də, onun pozuculuq fəaliyyəti nəticəsində bölgədə yaranacaq hər hansı gərginlikdən bu coğrafiyanın ən zəif dövləti olan Ermənistan əziyyət çəkəcək”.
Siyasətçinin sözlərinə görə, Fransadan fərqli olaraq Azərbaycan beynəlxalq hüquqa hörmət edir və heç bir ölkənin daxili işlərinə qarışmır:
“Amma Azərbaycan həm də güclü dövlətdir və dünyada hüquqları pozulmuş xalqları müdafiə edir. Məhz buna görə də hələ də kolonial siyasət yürüdən Fransa ciddi narahatdır. Onlar Azərbaycanın gücünü, müstəqil siyasət apardığını yaxşı bilirlər. Bu səbəbdən bu cür isterik fikirlər səsləndirirlər”.
Ş.İsmayılov əlavə edib ki, COP29 ərəfəsində Azərbaycana qarşı təzyiq cəhdlərinin olacağını gözləyirdik:
“Hal-hazırda bu işin öndə gedən qüvvələrindən birinin Fransa və dəstəklədiyi şəbəkənin olması hər kəsə məlumdur. Buna baxmayaraq, COP29-a hazırlıq işləri artıq yekunlaşmaq üzrədir və biz bu tədbiri yüksək səviyyədə təşkil edəcəyik. Fransanın və fransakimilərin bütün pozucu fəaliyyətlərinə baxmayaraq, düşünürəm ki, dünya üçün böyük əhəmiyyətə sahib olan COP29 planetimiz üçün tarixə düşəcək”.
Əli Hüseynov