Dilinizi seçin

Dilinizi seçin

COP29

2024-cü il oktyabrın 22-də Sosial Tədqiqatlar Mərkəzi (STM) və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 mövzusunda dəyirmi masa keçirilib. Tədbirin mövzusu “COP29: Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər - çağırışlar və vəzifələr” olub.

Dəyirmi masanın açılışını Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə ediblər.

STM rəhbəri Zahid Oruc, “COP29: Qlobal İqlim Böhranının Həlli Yönündə Azərbaycanda Sosial Elmlərin İntedissiplinar Əməkdaşlıq Məsələləri” mövzusuna diqqət çəkərək, iqlim dəyişikliyinin əsas səbəbləri arasında insan amili, yəni sosial faktorların olduğunu vurğulayıb. Onun fikrincə, qlobal iqlim böhranından çıxış yollarının axtarılmasında ictimai elmlərin qarşılıqlı əməkdaşlığı və birgə tədqiqatların aparılması böyük əhəmiyyət daşıyır. Sosioloji tədqiqatlar, iqtisadi artımın karbon emissiyalarına, urbanizasiyaya, mal və xidmətlərin istehlak modellərinə, demoqrafik tendensiyalara, qlobal bərabərsizliyə və ekoloji mühitin çirklənməsinə təsirini öyrənməklə iqlim dəyişikliyi ilə mübarizədə həlledici rol oynaya bilər.

COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru və deputat Pərvanə Vəliyeva, COP29, vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühit mövzularında çıxış edərək bir sıra vacib məqamlara diqqət çəkib. O, vətəndaş cəmiyyəti və icma təşkilatlarının COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynadığını vurğulayıb.

  Pərvanə Vəliyeva, Azərbaycanın və BMT-nin vətəndaş cəmiyyətinin COP29 Təşkilat Komitəsində təmsil olunmasının, maraqların qorunması və iqlim dəyişikliyindən ən çox təsirlənən insanların ehtiyaclarının dinlənilməsi və həll olunması baxımından vacib olduğunu bildirib. O, vətəndaş cəmiyyəti olaraq, bütün maraqlı tərəflərin COP29 konfransına qatılmasının ölkədə və regionda sağlam ekosistemin yaradılmasına böyük töhfə verəcəyinə əmin olduğunu ifadə edib.AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə "COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosiologiyanın problemləri" mövzusunda çıxışında, insan və təbiət münasibətlərinin elmi və praktiki problemlərinin tədqiq olunduğu ayrıca elm sahələrinin yaranma tarixindən bəhs etdi. O, XX əsrdən başlayaraq insanların antropogen və texnogen fəaliyyəti nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın tarazlığının pozulmasının baş verdiyini və bunun ciddi ekoloji disbalans yaratdığını qeyd etdi. Bu fonunda sosial ekologiyanın yaranıb inkişaf etməsinə diqqət çəkdi. Daha sonra sosial ekologiya çərçivəsində, bəşəriyyətin qlobal problemləri kontekstində, cəmiyyət, təbiət və insan arasındakı spesifik əlaqələri empirik olaraq tədqiq edən və nəzəri baxımdan ümumiləşdirən, sosiologiyanın metodlarını tətbiq edərək daha dərin araşdırmalar aparmağa imkan verən ekoloji sosiologiya elminin də əhəmiyyətini vurğuladı.

STM Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə işlərinin vacibliyini bildirib, Azərbaycanın su resurslarının məhdudluğunu və Qarabağda bu sahədə irəliləyiş əldə olunduğunu vurğulayıb. O, gələcəkdə atılacaq addımların sistemli və koordinasiyalı olmasının əhəmiyyətini qeyd edib.

 

Maral Şahverdili,

Nihat Tahirov

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il